Azərbaycan Haqqında

Dövlətin rəsmi adı: Azərbaycan Respublikası

Azərbaycanın dövlət quruluşu: Azərbaycan demokratik, leqal, dünyəvi, unitar respublikadır. Etnik türk və müsəlman çoxluğuna sahib ölkədir.Ölkədə qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

Azərbaycanın dövlət dili: Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bütün sənədləşmələr birmənalı olaraq dövlət dilində aparılır. İstifadə olunan işlək dillər ingilis, tük və rus dilləridir. Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

Yerləşdiyi yer: Avropa və Asiyanın qovşağında, Cənubi Qafqazın cənub-şərq hissəsində yerləşir. Şimaldan Rusiya Federasiyası (RF), cənubdan İran İslam Respublikası (İİR), qərbdən Türkiyə, Gürcüstan və Ermənistan Respublikaları, şərqdən Xəzər dənizi vasitəsi ilə Qazaxıstan və Türkmənistanla həmsərhəddir. Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda yerləşir.

Ərazisi: 86,600 km2 – dir. 

Əhalisi: 2011–ci ilin məlumatına görə 9 milyon 165 min nəfərdir.

Azərbaycanın iqlimi: Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən 9-nun burada olduğu müəyyən edilmişdir.

Azərbaycanda din: Azərbaycan Respublikasında hakim din islamdır. Ancaq tam sərbəstlik şəraitində müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Digər əsas dinlər xristianlıq və iudaizmdir. Xristianların əksəriyyəti rus pravoslav və gürcü pravoslav kilsəsinə məxsusdur. Yəhudilərin çoxu dağ yəhudiləri və əşkinazi yəhudiləridir.

Bayramlar:
Yeni il bayramı - 1 yanvar
Beynəlxalq Qadınlar Günü - 8 Mart
Novruz bayramı - 20 mart-21 mart
Respubluka Günü - 28 may
Milli Qurtuluş Günü - 15 iyun
Dövlət Müstəqilliyi Günü- 18 oktyabr
Dövlət Bayrağı Günü - 9 noyabr
Konstitusiya Günü - 12 noyabr
Milli Dirçəliş Günü - 17 noyabr
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü - 31 dekabr

Dini bayramlar:
Qurban Bayramı (2 gün)
Ramazan Bayramı (2 gün)


Matəm günləri
20 yanvar - Ümumxalq hüzn günü (Sovet Ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qırğın,20 yanvar 1990-cı il)
26 fevral - Xocalı soyqırımı günü
31 mart - Azərbaycanlıların soyqırımı günü.

Azərbaycanın paytaxtı: Bakı şəhəridir.

Bakının yerləşdiyi yer: Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilindədir. Paytaxt Bakı 40° paralel üzərində yerləşir.

Bakının ərazisi : 2200 km² -dir

Bakının əhalisi: 3 mln.-a yaxındır. 

Bakının görməli yerləri: Bakı Bulvarı, Fəvvarələr meydanı, İçəri şəhər tarixi qoruğu, Dövlət Bayrağı Meydanı və s. Paytaxt ərazisi qumlu sahilləri və çimərlikləri ilə də məşhurdur. 

Bakıda ən böyük nəqliyyat vasitəsi: Bakı metropoliteni (metopolitenin xəritəsi), şəhərdaxili sərnişin avtobusları (Bakı şəhəri və Abşeronun bütün istiqamətlərinə), taksi.


 

 

Azerbaycan Ədəbiyyatı

Qədim Azərbaycanədəbiyyatı

Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti (e.ə. VII-VI əsrlər) zamanında meydana çıxmış və müəllifi Zərdüşt peyğəmbər hesab edilən "Avesta"dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır.

Qədim mifoloji dünyagörüşünə söykənən Dədə Qorqud dastanları b.e. XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmışdır. Elmə məlum olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bədii abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər Qədim Yunanıstanda yaranmış analoji süjetlərin yaranmasına (Təpəgöz-Siklop) təkan vermişdir.

Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V əsrə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır.

VII-VIII əsrlərdə ərəbcə yazmış Azərbaycan əsilli şairlərdən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəsarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir.

Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam etmiş, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirmişlər.

XI əsrdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi fars dilindən (dəri dilindən) istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI əsrin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və cəhətlər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir.

XII əsrdə Azərbaycan ədəbiyyatı bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının sonrakı inkişafın mərhələsinə güclü təsir göstərmişdir. Həmçinin, bu dövrdə poeziya məktəbi də öz formalaşmasını başa çatdırmış ə onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlmişdir.

XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin qayğısı ilə Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (?-1190) kimi şairlər yetişmişdir.

Orta əsr Azərbaycan ədəbiyyatı

XIII əsrdən etibarən, Azərbaycanda əsasən, ərəb və fars dillərində yazan şairlərlə yanaşı, ana dilində yazan şair və sənətkarların sayı get-gedə artır, anadilli ədəbiyyat inkişaf etməyə başlayır. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.

İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir. Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur.

Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında "Gülşəni-raz" poeması diqqəti daha çox cəlb edir.

XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş "Yusif və Züleyxa" mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin dövrün sənətkarı Yusif Məddahın "Vərqa və Gülşa" poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmışdır.

Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri - Nəsirəddin Tusi (1201-1274), Marağalı Əhvədi(1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənmişlər. "Əxlaqi-Nasiri" kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi.

XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin "Divan"ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatmışdır. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunmuşdur.

Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatmışdır. Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir.

Xəlili, Həmidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri1436-1467) adını xüsusi qeyd etmək lazımdır. XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri də Nemətullah Kişvəridir. Şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur.

Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır.

XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır.

Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin "Gülşəni-şüəra" ("Şairlər gülşəni"), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin "Məcməül-xəvas" ("Seçilmişlər məclisi") təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsində oynadığı böyük rolu inkar etmək olmaz.

XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi - Qərb şərqşünaslığında "qəlb şairi" kimi məşhur olan Məhəmməd Füzulidir. Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarıstan, Özbəkistan, Türkmənistanda Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.

Qeyd etmək lazımdır ki, Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlar yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı - böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin(1487-1524) xüsusi yeri vardır.

Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də Azərbaycan ədəbiyyatının ana dilində inkişafında müstəsna rol oynamışdır.

XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğurları eyni zamanda şifahi xalq ədəbiyyatının nümayəndələri- Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım kimi aşıqların yaradıcılığında da görmək mümkündür. "Aşıq Qərib", "Abbas və Gülgəz", "Əsli və Kərəm" kimi mükəmməl məhəbbət dastanları, "Kitabi-Dədəm Qorqud"un layiqli varisi olan "Koroğlu" qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının, əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır. Bununla yanaşı, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdləri Saib Təbrizi, Qövsi Təbrizi, kimi sənətkarların yaradıcılığında özünü göstərir. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.

Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vaqif öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr - Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.

IX-XX əsr Azərbaycan ədəbiyyatı

XIX əsrin ilk onilliklərində baş verən ən mühüm hadisə - Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal edilməsi olmuşdur. Bunun da təsiri nəticəsində mədəniyyətdə olduğu kimi, ədəbiyyatda da qərbyönümlü meyllər güclənmişdir.

Beləliklə, ədəbiyyatda milli və realist-dünyəvi motivlər aparıcı mövqeyə çıxmışdır. Molla Pənah Vaqif yaradıcılığının bilavasitə təsiri altında Qarabağ ədəbi mühitində tənqidi-realist satiranın Qasım bəy Zakir (1784-1857) kimi nümayəndəsi yetişərək uzun müddət poetik inkişafın istiqamətini müəyyənləşdirir.

Lakin həm Q. B. Zakirin yaradıcılığında, həm də onunla çağdaş olan şairlərin əsərlərində Füzuli ənənələri yeni səviyyədə davam etdirilir.

Bu prosesin ən böyük nümayəndələri Güneydə Seyid Əbülqasım Nəbati (1812-1873), Heyran xanım (1786-1838), Quzeydə isə Seyid Əzim Şirvani (1835-1888), Xurşudbanu Natəvan (1830-1897) və Fatma xanım Kəminə olurlar (1840-1888).

Bu dövrdə rus və Qərb şərqşünasları və şairləri ilə yaxından tanış olan, onlardan qabaqcıl humanist fikirləri əxz edən sənətkarlar arasında Abbasqulu ağa Bakıxanovu (1794-1847), Mirzə Şəfi Vazehi (1792-1852), İsmayıl bəy Qutqaşınlını (1801-1861) göstərmək olar.

Mirzə Fətəli Axundzadənin (1812-1878) maarifçi-realist görüşləri Azərbaycan ədəbiyyatının sonrakı inkişafında müstəsna rol oynayaraq, Azərbaycan ədəbiyyatında çağdaş Qərb ədəbiyyatı janrlarının -dram, roman, hekayə, novella, povest, poema və s. oturuşmasına güclü təsir göstərmişdir.

Mirzə Fətəli Axundzadənin Azərbaycan mədəniyyəti üçün müəyyən etdiyi ədəbi-estetik inkişaf istiqaməti XIX əsrin ikinci yarısında Seyid Əzim Şirvani (1835-1888), Nəcəf bəy Vəzirov(1854-1926), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) kimi maarifçi-realist sənətkarların formalaşmasına təsir göstərmişdir. Bu da təkcə Azərbaycan üçün deyil, eyni zamanda qonşu xalqların ədəbi-mədəni yüksəlişinin inkişafına səbəb olmuşdur.

Xüsusən, Həsən bəy Zərdabi (1837-1907) kimi təbiətşünas-alimin nəşr etdiyi çoxyönlü "Əkinçi" qəzeti (1875-1877) bu dövrdə ədəbi-mədəni həyatın coşğun inkişafına təkan vermişdir.

XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-realist təmayüllə yanaşı, dini-didaktik poeziya da inkişaf edirdi. Bunun əsas nümayəndələri Güney Azərbaycanda yaşayıb yaradan mərsiyə şairlərindən Raci, Dilsuz, Dəxil, Qumri və b. idi. Lakin Quzeydə gedən qabaqcıl ədəbi prosesin təsiri altında Güney sənətkarları da dünyəvi əsərlər yaratmağa meyl edirdilər

XIX əsrdə ədəbiyyatın daha çox Şərq yaradıcılıq tipinə meyl göstərən bir qolu da ədəbi məclislərdə formalaşırdı. Qubadakı "Gülüstan" ədəbi məclisinə Abbasqulu ağa Bakıxanov Qüdsi, Ordubaddakı "Əncüməni-şüəra"ya ("Şairlər məclisi") Fəqir Ordubadi, Lənkərandakı "Fövcül-füsəha"ya ("Gözəl danışanlar dəstəsi") Mirzə İsmayıl Qasir, Şamaxıdakı "Beytüs-Səfa"ya ("Səfanın evi") Seyid Əzim Şirvani, Bakıdakı "Məcməüş-şüəra"ya ("Şairlər toplusu") Məhəmməd ağa Cümri, Gəncədəki (sonralar Tiflisdə) "Divani-hikmət"ə Mirzə Şəfi Vazeh, Şuşada fəaliyyət göstərən "Məclisi-üns" poetik məclisinə Xurşudbanu Natəvan, "Məclisi-fəramuşan"a ("Unudulmuşlar məclisi") isə Mir Möhsün Nəvvab başçılıq edirdi.

Bütövlükdə XIX yüzilliyin ədəbiyyatı, Azərbaycan ədəbiyatının yeni yüksək mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlamışdır.

Vaxtilə Rusiya imperiyasının tərkibinə daxil olmuş əksər xalqlar kimi, XX əsrin ilk onillikləri Azərbaycan ədəbi-mədəni həyatında da xüsusi bir mərhələ təşkil etməkdədir. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist və romantik ədəbiyyatın Cəlil Məmmədquluzadə (1866-1932), Mirzə Ələkbər Sabir (1862-1911), Hüseyn Cavid (1884-1944), Məhəmməd Hadi (1880-1920),Abbas Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1959), Nəriman Nərimanov (1870-1925), Əbdürrəhim bəy Haqverdiyev(1870-1933) kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı nümunələri səviyyəsinə qaldırmışdılar.

Azərbaycan tarixinin XX əsrin əvvəllərində baş vermiş əlamətdar hadisəsi Azərbaycan Demokratik Respublikasının qurulması olmuşdur (1918-1920). ADR cəmi iyirmi üç ay davam edən qısa bir ömür sürsə də həmin dövr özünəməxsus ədəbi məhsulla əlamətdar olmuşdur. Artıq tanınmış qələm sahibləri olan Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyovla yanaşı bu zaman Cəfər Cabbarlı, Əhməd Cavad, Ümmügülsüm kimi gənc qələm sahiblərinin də maraqlı əsərləri meydana gəlmişdir. Bu əsərlərdə Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizə xilaskarlıq missiyası ilə gəlmiş türk ordusunun zəfərləri, Azərbaycan əsgərlərinin rəşadəti, üçrəngli milli bayraq hərarətlə tərənnüm olunurdu. Bu sahədə xüsusi fəallığı ilə seçilən Əhməd Cavad (1892-1937) Birinci Respublikanın dövlət himninin mətnini yazmışdır. Musiqisi dahi Üzeyir Hacıbəyov tərəfindən bəstələnmiş həmin əsər bu gün də müstəqil Azərbaycan Respublikasının himni kimi ifa olunmaqdadır.

Sovet dövrü Azərbaycan ədəbiyyatı (60-cı illərə qədər)

Sovet dövrü dramaturgiyası Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Səməd Vurğun, Sabit Rəhman, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Şıxəli Qurbanov və başqalarının adı ilə sıx bağlıdır.

Əhməd Cavad (1892-1937) və Mikayıl Müşfiq (1908-1938) Səməd Vurğunla yanaşı XX əsr Azərbaycan poeziyasının əsas cığırdaşları hesab olunurlar. Süleyman Rüstəm (1906-1989) və Əlağa Vahid (1895-1965) lirikanın inkişafında mühüm xidmətləri olan şairlərdir. Sovet dövründə Azərbaycan poetik fikrinin inkişafında Rəsul Rzanın (1910-1981) əsasən sərbəst vəzndə qələmə aldığı şeir və poemaların böyük rolu olmuşdur. Məmmədhüseyn Şəhriyar, Həbib Sahir, Həmid Nitqi, Bulud Qaraçorlu (Səhənd) kimi Cənubi Azərbaycan şairlərinin rolu da danılmazdır.

Azərbaycan nəsrinin zənginləşməsində Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, Əli Vəliyev, Mir Cəlal, Süleyman Rəhimov, Mehdi Hüseyn, Hüseyn İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov, Cəmil Əlibəyov, Vidadi Babanlı, Manaf Sülemanov, Ələviyyə Babayeva, Süleyman Vəliyev, Əzizə Əhmədova, Əfqan Əsgərov, Gülhüseyn Hüseynoğlu, Əlibala Hacızadə, Salam Qədirzadə, Çingiz Hüseynov, Ənvər Məmmədxanlı və başqalarının da xidmətləri vardır.

Yeni dövr Azərbaycan ədəbiyyatı (60-cı illərdən başlayaraq dövrümüzə qədər) 

60-cı illərdən başlayaraq, qlobal ictimai-siyasi atmosferin bir qədər ilıqlaşması, SSRİ-də ideoloji buxovların zəiflədilməsi nəticəsində bədii yaradıcılıq sahəsinə gələn gənc istedadlar mövcud siyasi quruluşun tənqidini verən əsərlər yazmağa başladılar.

Bunların arasında İsa Hüseynov, Məmməd Araz, Sabir Əhmədov, Anar, Əkrəm Əylisli, Elçin, Sabir Rüstəmxanlı, Ələkbər Salahzadə, Fərman Kərimzadə, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Mövlud Süleymanlı, Yusif Səmədoğlu, İsi Məlikzadəkimi nasir və şairlər vardır.

Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda ədəbiyyatda başlamış bu hərəkat - 70-90-cı illərdə davam etdirilərək, ən nəhayət, Azərbaycanın siyasi suverenlik, dövlət müstəqilliyi əldə etməsi ilə öz perspektiv məqsədlərini həyata keçirmiş oldu.

Bəxtiyar Vahabzadə (1925), Nəbi Xəzri (1924), Nəriman Həsənzadə (1931) kimi sənətkarların poeziya və dramaturgiyasında da daha çox xalq tarixinin ibrətamiz səhifələri və lirik-psixoloji yaşantılar üstünlük təşkil edir.

Bu şairlərin, eləcə də Qabil, Ənvər Əlibəyli, İslam Səfərli, Adil Babayev, Hüseyn Arif, Qasım Qasımzadə, Əliağa Kürçaylının bir çox əsərləri ədəbiyyatımızın qiymətli nümunələrindəndir. Bu mərhələnin ədəbiyyatında qədim bir ənənənin - başqa dildə milli mədəniyyət yaratmaq ənənəsinin davamını rus dilində yazıb yaradan İmran Qasımov, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Çingiz Hüseynov, Vladimir Qafarov,Vahid Məmmədli, Natiq Rəsulzadə, Alla Axundova və b. yazıçıların fəaliyyətində görürük.

Onların Bakıda, Moskvada və Avropa ölkələrində dönə-dönə nəşr edilən əsərləri Azərbaycan milli mədəniyyətini zənginləşdirən, ona olan maraq dairəsini genişləndirən qiymətli nümunələrdir. Azərbaycan ədəbiyyatının yeni mərhələsi üçün bədii zəmin hazırlayanlar və özləri də bu prosesdə fəal iştirak edənlər arasında Əli Kərim (1931-1969), Xəlil Rza (1932-1994), Cabir Novruz (1933-2002), Fikrət Sadıq (1930), Məmməd Araz (1933-2004), Famil Mehdi (1934-2002), Tofiq Bayram (1934-1991), İlyas Tapdıq (1934), Fikrət Qoca (1935), Musa Yaqub (1937), Məmməd İsmayıl (1939), Vaqif Səmədoğlu (1939), Arif Abdullazadə (1940-2002), Ələkbər Salahzadə (1941), İsa İsmayılzadə (1941), Çingiz Əlioğlu (1944), Nüsrət Kəsəmənli (1946-2001), Ramiz Rövşən (1946), Sabir Rüstəmxanlı (1946), Hamlet İsaxanlı (1948), Vaqif Bayatlı Önər (1949), Zəlimxan Yaqub (1950) və b. şairlər seçilirlər.

Azərbaycan müstəqillik əldə etdikdən sonra müasir ədəbiyyatda işğalda olan torpaqların geri qaytarılması, insanpərvərlik, ictimai ədalət və s. kimi ümumbəşəri ideyaların tərənnümü əsas yer tutur. Hal-hazırda Azərbaycan ədəbiyyatının başlıca inkişaf meyilləri azərbaycançılıq məfkurəsinin tərənnümünə və təntənəsinə əsaslansa da, modernist və postmodernist meyillər də özünü göstərir. Orxan Fikrətoğlunun ("Ögey", "Çevrilmə" hekayələri, "Üçüncü günün adamı" povesti), Məqsəd Nurun ("Küləkli şəhər", "Ero-gigiyenik", "Katastofiklər", "Rütubət sevgiləri" hekayələri, "Şəhər meri" romanı), Sadıq Elcanlının ( «Zülmət» romanı), Mübariz Cəfərlinin («Bərpaçı», «Şahid qatar», «Uydurma», «Bənna» povestləri) əsərləri modernizmin, Kamal Abdullanın («Yarımçıq əlyazma», «Sehrbazlar dərəsi» romanları, «Tarixsiz gündəlik» povesti və s.) əsərləri isə postmodernizmin bariz nümunəsi hesab edilə bilər.

Qeyd etmək lazımdır ki, son onillikdə Azərbaycan poeziyasında modernist ruhlu əsərlərin də sayı artmaqdadır.

 


 

 

Azərbaycan Teatrı

Teatr tarixi

Azərbaycan teatrının tarixi qədimdir. Teatr sənətinin ünsürləri, yəni çalmaq, oxumaq, oynamaq, hərəkət etmək, söhbət aparmaq və s. cəhətlərdir ki, bu baxımdan Azərbaycan teatrının üç min ildən artıq tarixə malik olduğu fikrini irəli sürmək mümkündür. Teatr sənətinin komponentləri - dramaturq, rejissor, aktyor cəhətləri o cümlədən, «Kosa-kosa», «Qaravəlli», «Kilimarası», «Şah Səlim oyunu» və s. ta qədimlərdən xalq arasında şöhrət tapmış meydan tamaşalarında, eləcə də, «Kosa gəlin», «Tapdıq çoban», «Maral oyunu», «Kaftar küs» kimi kiçik həcmli tamaşalarda özünü göstərmişdir. Bu meydan tamaşaları,

eləcə də öz dövrü üçün müəyyən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik olan «Tənbəl qardaş» adlı üçpərdəli komediya Azərbaycan xalq teatrının müstəqil bir tarixə malik olduğunu sübut edir.

Doğrudur, Azərbaycanda peşəkar teatr bir çox başqa ölkələrə nisbətən gec yaranmışdır. Bunun səbəblərini, əsasən, tarixi-ictimai, siyasi şəraitlə əlaqələndirmək daha doğru olardı. Rəssam Elçin Aslanovun 1994-cü il 6 may tarixli «Ədəbiyyat və incəsənət» qəzetində çap etdirdiyi «Şəbihləri kim yaradırdı» («Füzuli və milli dramaturgiyamız») adlı məqaləsində Azərbaycan peşəkar teatr sənətinin ən azı 500 illik tarixə malik olduğunu və onun öz başlanğıcını şəbih tamaşalarından götürdüyü fikri məqbul sayılmalıdır. Görkəmli bəstəkar Üzeyir bəy Hacıbəyov da yazıb ki, «tarixçi və alimlərin fikrincə, bütün milli teatr sənətinin ibtidası dinə bağlı olmuşdur. «Sonra davam edərək «bizim - Şaxsey» misteriyası öz səhnə təcəssümünü şəbih tamaşalarından götürmüşdür. Etiraf edək ki, məqalə müəllifi, -dahi bəstəkarın M.Füzulinin «Leyli və Məcnun» poeması əsasında opera üçün tərtib etdiyi ədəbi mətn məhz «şaxsey» misteriyası «Şəbih tamaşaları» ənənəsi çərçivəsində hazırlanmışdır» - deməkdə haqlıdır.

Qafqaz canişini Voronsovun «Azərbaycanın Molyeri» adlandırdığı M.F.Axundovun komediyaları əsasında Azərbaycanda yaranan, Qərb tamaşa mədəniyyətinin Şərq variantı olan, onun iqtibası və yamsılanması kimi nəzəri cəlb edən, dünyəvi teatr isə XIX əsrin 40-cı illərinə aiddir. Bu tipli teatr 1848-ci ildə Şuşada, 1850-ci ildə Lənkəranda, 1857-1858-ci illərdə Şamaxıda yaranmışdı.

Bu, bir faktdır ki, millətin öz yaşayışını əks etdirməsində, Azərbaycan xalqının oyanmasında milli teatrın çox böyük rolu olmuşdur. Milli teatrın sağlam təməlini isə öz əsərlərində Mirzə Fətəli Axundov atmışdır. Bu cəhəti də qeyd etmək lazımdır ki, dünyada-Qədim Yunanıstanda teatr öz fəaliyyətinə faciə ilə başlamışdır. Azərbaycan teatrı isə komediya ilə.

Nəzərə alınsa ki, XIX əsrin ortalarında Azərbaycan ədəbiyyatında komediya janrının yaranmasının və komiklik probleminin mütərəqqi

estetik fikir mövqeyindən izahı olduqca çətin idi, qəhrəmanlıq tələb edirdi, bu fəaliyyətin məna və əhəmiyyəti xeyli artar. Çətinlik yalnız komediya janrının nəzəri cəhətində deyildi, həm də o zamankı polis və senzor nəzarətinin çox güclü olması ilə bağlı idi. Gülüşün estetik və ictimai funksiyası barədə söhbət açmaq asan iş deyildi. Cəmiyyət rəislərinə yönəldilən ən adi gülüş «ictimaiyyətin sakitliyini, asayişini, təhlükəsizliyini pozan» hal kimi qələmə verilirdi. Ona görə də M.F.Axundov və ondan sonra gələn azərbaycanlı dramaturqlar da komikliyin, gülüşün əsas məsələlərinə toxunarkən onu əxlaqı yaxşılaşdıran, naqislikləri qamçılayan bir vasitə kimi şərh etmişdilər.

Azərbaycan dünyəvi peşəkar teatrı öz fəaliyyətinə komediya ilə başladı. M.F.Axundovun beş ölməz komediyasına söykəndi. 1873-cü il mart ayının 10-da (köhnə stillə 22-də) Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda ilk tamaşa-Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» komediyası realnı məktəbin tələbələri tərəfindən göstərildi. Yarandığı ilk gündən realist zəmində inkişaf etməyə başlayan, yüksək ideyalılıq mövqeyində duran, bəşəri fikirlər mənbəyinə çevrilən Azərbaycan teatrı bu əsas üzərində də üslub, forma və metod mükəmməlliyi qazandı.«Lənkəran xanının vəziri» tamaşasından bir ay yeddi gün sonar Mirzə Fətəli Axundovun «Hacı Qara» komediyası da tamaşaçılara göstərilmişdi. «Kaspi» qəzeti (1873-cü il) xəbər vermişdi ki, «Bakıdan yazırlar ki, aprel ayının 17-də Bakı «cəmiyyətinin» salonunda həvəskarlar xeyriyyə məqsədilə ikinci teatr tamaşası vermişlər. Bu dəfə M.F.Axundovun «Sərgüzəşti-mərdixəsis» adlı beşpərdəli komediyası oynanılmışdır.

Azərbaycan teatrı getdikcə inkişaf edir, xalq həyatına daxil olurdu. Onun xəritəsi də ildən ilə genişlənirdi. 1921-ci ildə Bakıda «Tənqid və təbliğ teatrı»nın (TTT) yaranması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi. 1923-cü ildə Bakı teatr məktəbinin açılışı və onun yetirdiyi məzunlar sonrakı illərdə milli teatr sənətinin inkişafında mühüm rol oynadı. 1929-cu ildə Bakıda uşaq teatrı fəaliyyətə başladı. 1937-ci ildə respublikamızın bir neçə rayonunda Dövlət teatrları yaradıldı. Təəssüf ki, həmin teatrlar 1949-cu ildə ucdantutma (Quba, Gəncə və Naxçıvan Dövlət teatrlarından başqa) bağlandı. Həmin teatr kollektivləri əvvəl xeyli müddət dram dərnəyi adı altında işlədilər. 1958-ci ildə isə xalq teatrları kimi fəaliyyətlərini davam etdirdilər.

1960 –cı illərdə Azərbaycan teatrı yeni bir mərhələyə qədəm qoydu. 1964-cü ildə rəssam T.Salahov və bəstəkar Q.Qarayev V.Şekspirin «Antonio və Kleopatra» əsərini tamaşaya hazırladı. Bunula teatrın və tamaşaçıların arzu etdikləri möhtəşəm, işıqlı, humanist bir tamaşa yarandı. Bu tamaşada teatrın novatorluq səylərinin gözəl nəticəsi də özünü göstərdi. Bu yüksək səhnə mədəniyyəti, sağlam yenilik və müasirlik ruhu T.Kazımovun həmin ilin noyabr ayında quruluş verdiyi «Sən həmişə mənimləsən» tamaşası həm müəllifin, həm də ümumiyyətlə teatrın böyük nailiyyəti oldu. «Sən həmişə mənimləsən»dən sonra «Yalan» (1965), «Ölülər» (1966), «Sənsiz» (1967), «Hamlet» (1968) kimi dolğun tamaşalar Azərbaycan səhnəsini rövnəqləndirdi.

1960-cı illərin sonunda Azərbaycan teatrının nailiyyətləri içərisində fərəhləndirici hal teatra yeni istedadlı gənc dramaturqların gəlməsi oldu. 1969-cu ildə «İkinci səs» pyesi ilə Akademik Dram teatra gələn Bəxtiyar Vahabzadə sonrakı illərdə «Yağışdan sonra», «Yollara iz düşür», «Özümüzü kəsən qılınc» kimi səhnə əsərləri teatrın repertuarını zənginləşdirdi.

70-ci illərdə Nəbi Xəzri «Sən yanmasan» pyesi ilə başladığı dramaturji yaradıcılığını «Əks-səda», «Mirzə Şəfi Vazeh», «Torpağa sancılan qılınc», «Burla Xatun» əsərləri ilə müvəffəqiyyətlə davam etdirdi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) müvəffəqiyyətlə göstərilən «Keçən ilin son gecəsi» pyesi ilə teatra gələn yazıçı Anar «Şəhərin yay günləri», «Adamın adamı», «Səhra yuxuları», «Sizi deyib gəlmişəm», «Təhminə və Zaur» pyesləri ilə özünü yaxşı bir dramaturq kimi təsdiq etdi. N. Həsənzadənin «Atabəylər», «Pompeyin yürüşü» tamaşaları müəllifə və teatra uğur gətirdi.

1980-cı illərdə «Mahnı dağlarda qaldı», «Xurşidbanu Natəvan», «İblis», «Atabəylər», «Fəryad», «Torpağa sancılan qılınc», «Od gəlini», «Şeyx Xiyabani» və s. bu kimi romantik qəhrəmanlıq tamaşaları ilə teatr öz inkişafının yeni mərhələsinə qədəm qoydu.

Bu dövrdə Azərbaycan teatrında ən əlamətdar hadisə üslub və janr cəhətdən təkmilləşmə prosesinin müşahidə olunması idi. Bu dövrün faktik materialına əsaslanan teatr tənqidi də öz hüdudlarını genişləndirir, elmi-nəzəri, estetik keyfiyyəti artırırdı. Azərbaycan teatr tənqidi imkan daxilində teatr prosesinə müdaxilə edir, onun tərəqqisinə çalışırdı.

1990-cı ildən sonra yaranan Yuğ, Miniatur, Pantomim, Bələdiyyə, Kamera Gənclər teatrlarının yaxşı mənada özlərini təsdiq etmələri fərəh doğurdu. Onlar sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi ilə kəskin şəkildə fərqləndilər. 1990-cı ildən sonra da Azərbaycan teatrında klassik və müasir Azərbaycan yazıçılarının, rus və dünya dramaturqlarının seçmə əsərləri tamaşaya qoyuldu.

70 il hökm sürən keçmiş SSRİ zamanı Azərbaycan teatrı yalnız SSRİ məkanında - Moskvada, Leninqradda, Minskdə, Kiyevdə, Tiflisdə, İrəvanda, Daşkənddə və s. yerlərdə qastrol səfərlərində olmuşdur. 1919-cu ildə Tiflis Azərbaycan teatrının Türkiyəyə qastrolundan 71 il sonra Azərbaycan Dövlət Akademik Dram teatrı mütəşəkkil şəkildə Türkiyəyə qastrola getdi. Görkəmli dramaturq İ.Əfəndiyevin «Bizim qəribə taleyimiz» və «Sevgililərin cəhənnəmdə vüsalı» əsərlərinin tamaşalarını göstərdi. 1998-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (ADAMDT) ikinci dəfə Türkiyəyə qastrola gedib. Teatrın 1992-ci ildə Almaniyadakı qastrolu da müvəffəqiyyətlə keçmişdir. Bundan əlavə Bakı Pantomim teatrı, Gəncə Dövlət Kukla Teatrı (GDKT), Bakı Bələdiyyə Teatrı (BBT) dəfələrlə Türkiyədə qastrolda olmuşlar.

2010-cu il 8-12 noyabr tarixində Azərbaycanda keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycanın teatr aləmində əlamətdar hadisələrdən biri oldu. Bu konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları iştirak edirdi. Azərbaycanda ilk dəfə keçirilmiş Beynəlxalq elmi-praktik konfrans dəvətlilər sırasına ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Çin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları da qatılmışdı.

Azərbaycan peşəkar teatrının yarandığı vaxtdan keçən 125 il ərzində ölkədə qüvvətli teatr kollektivləri yaranmışdır. İndi Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (ADAOBT), S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı (ADRDT), Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (ADMKT) (Dövlət teatrı kimi 1938-ci ildə yaradılmışdır), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) (əsası 1929-cu ildə qoyulmuşdur) A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı (ADKT), Bələdiyyə Teatrı (BT), Gənclər Teatrı (GT), Tədris Teatrı (TT), Yuğ Teatrı (YT), Kamera Teatrı (KT), Pontomim Teatrı (PT) fəaliyyət göstərir. Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Ağdam, Mingəçevir şəhərlərində də dövlət teatrları vardır.

Bunlardan əlavə respublikada Mahnı teatrı, Muğam teatrı, Ş.Məmmədov adına Opera studiyası, Gəncə Dövlət Nizami poeziya teatrı, Gəncə gəlincik teatrı, Şuşa musiqili dram teatrı, Şəki satira teatrı, İrəvan Azərbaycan teatrı, Naxçıvan Cavid poeziya teatrı, Qusar Dram teatrı, Füzuli dram teatrı, Naxçıvan kukla teatrı, Qazax Dram teatrı fəaliyyət göstərir.

 


 

 

Balet

Azərbaycanda balet Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 20-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli “Tərlan” baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün “Qız qalası” baletini yazmışdır.

Sonralar teatrın repertuarı "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov),Qaraca qız”(1965,E.Abbasov), “Min bir gecə” (1979, Fikrət Əmirov), “Babək” (1986, Aqşin Əlizadə), “Ağ və qara” (2000, Xəyyam Mirzəzadə), “Eşq və ölüm” (2005, P. Bülbüloğlu) və s . əsərlərlə zənginləşmişdi.


 

 

Bayramlar

20-21 mart – Novruz Bayramı

Novruz - Azərbaycan xalqının etnokulturologiyasında özünəməxsus yeri olan ən böyük bayramdır.

Novruz - bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala – qışın qurtarmasına və baharın gəliminə həsr olunur.

Bu bayramın tarixi çox qədimdir. Qədim Babilistanda bu bayram 12 gün davam edirdi. Bununla belə, bu 12 günün hər birisinin öz ritualları, (mərasim, ayin) öz əyləncələri mövcud olub. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır. 

Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi. 

İlk dəfə 1967-ci ildə Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz milli bayram kimi dövlət səviyyəsində qeyd olunmuşdur.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, Novruz bayramından qabaq Yel, Su, Od və Torpaq çərşənbələri qeyd olunur. Çərşənbələr arasında ən vacibi axırıncı – ilaxır çərşənbə axşamıdır. Həmin gün qədim ənənələrlə çox zəngindir. Bu gündə bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. 

Hələ qədim zamanlardan bu gözəl axşama xüsusi hazırlıq görülərdi. Əvvəlcədən ev-eşik təmizlənər, xüsusi bayram tədarükü hazırlanardı. Səməni cücərdilər, yumurta boyanar, qovurğa qovrular, plov süzülər, şirniyyatlar bişirilər. Bu bayram kəndlərdə xüsusilə daha gözəl keçirilir. Hamı bu bayramda bir-birini təbrik etməyə tələsir, bayram axşamı ailənin sayı qədər süfrədə şam yandırılar, niyyət tutular. Həmin axşam uşaqlar qapı-qapı gəzib bayram payı alırlar. İnsanlar o gecə səhərədək şənlik edirlər. Cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar hazırlanır. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə görə şam, boyadılmış yumurta qoyulur. Stolda yeddi növ yemək olmalıdır. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.

Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. İlk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur. Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. 

İlaxır çərşənbədə bir neçə qız bir yerə yığışıb üzük falı açarlar. Bir qab götürüb içinə su tökürlər. Üzüklərini çıxarıb həmin qabın içinə atırlar. Kənardan başqa bir qız çağırırlar. Əgər həmin qız qabdan götürdüyü bir üzüyü yiyəsinə düz verərsə, üzüyü olan qızın bütün arzuları həyata keçəcək. Əgər üzük yiyəsinə düz qaytarılmasa, onu iynədən keçmiş sapın ortasına salırlar. Əgər üzük düz gedərsə, həmin adam sonsuz, sağ tərəfə yellənərsə, çoxlu uşağı, sol tərəfə gedərsə, istədiyi oğlanla xoşbəxt olacağı gözlənilir.

İlaxır çərşənbəsində niyyət tutub çilə çıxarmaq da adəti də qədim köklərə bağlıdır.

Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq sallamaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.

Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi, odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl İlaxır Çərşənbədə yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən yeddi dəfə (ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə) tullanmalıdır. Tullanmaqla bərabər bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə; Ağırlığım-uğurluğum odda yansın”. Tonqal heç vaxt su ilə söndürülməz. Tonqal özü sönəndən sonra külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə il ilə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Bundan başqa, bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. 

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçəcəyini - quru və yaxud yağmurlu olacağını, məhsuldarlığın dərəcəsini - təyin edirlər. Ənənəyə görə, Novruzun birinci günü yaz, ikinci yay, üçüncü payız, dördüncü günü isə qış sayılır. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli, bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli, bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunur. 

Novruz xalqın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.

Ramazan bayramı

İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. 

Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
 
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar, çünki bu ayın gecələrindən birində müqəddəs Qurani-Kərim nazil olub. Həmin gecə "qədir" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. 

İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir. Qurani-Kərimdə "Qədir surəsi" vardır. Bu surədə qədir gecəsi haqqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür". 

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın". 

Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə adam dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. 

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir- birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. 

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir. 

Orucluq bayramı ölkədə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyəsində qeyd olunur. 

 

Qurban bayramı

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. 

Üç səmavi dinin-yəhudilik, xristianlıq və İslamın hər üçündə mütəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayın xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. İbrahimin qoca yaşında Allah ona bir oğlan uşağı, İsmayılı nəsib etmişdi. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir. 

İsmayıl qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. 

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər. 

Qurbanlığın şərtlərindən biri də qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə. 

Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkədə də dövlət səviyyəsində bayram edilir.



Mövlud bayramı

Mövlud bayramı Məhəmməd peyğəmbərin (s) doğum gününün qeyd olunmasıdır. Tarixçilərin bəzisi Peyğəmbərin 571-ci il rəbiül-əvvəl ayının 12-də, bəziləri isə 17-də dünyaya göz açdığını yazırlar. Peyğəmbər "tarixin gur işığında" doğulmuşdur, yəni bir çox tarixi şəxsiyyətlərdən fərqli olaraq Peyğəmbərin bütün həyat yolu təfsilatı ilə öyrənilmişdir. Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi isə aradan qaldırmaq məqsədilə Türkiyə Diyanət Vəqfi 1989-cu ildən etibarən Peyğəmbərin doğumunu "Kutlu (Mübarək) Doğum həftəsi" altında bir həftə - rəbiül-əvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab etmiş və bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanmışdır. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna Mövlid, yaxud bizim Azərbaycanda olduğu kimi Mövlud bayramı deyirlər. 

Mövlid ərəbcədən tərcümədə "doğum yeri", yaxud "doğum vaxtı" deməkdir. Ümumiyyətlə, islamda bəzi gecələr müqəddəs, qiymətli gecələr sayılır: Qədr gecəsi, Merac gecəsi, Mövlud gecəsi belə gecələrdəndir. Mövlud gecəsi Peyğəmbərin doğulduğuna səmimi-qəlbdən sevinənlərin günahlarını Allah Peyğəmbərə görə bağışlar. 

Əsrlər boyu Mövlud gecəsinin öz ənənələri təşəkkül tapmışdır. Bu gecə müsəlmanlar oyaq qalır, Quran oxuyur, sədəqə çıxarır, günahlarının bağışlanması üçün Allaha dualar edirlər, qəlblərə xoş bir duyğu, sevinc, arxayınlıq hakim kəsilir. 

Lakin Mövlud gecəsinin fəlsəfəsi bununla bitmir. Burada məqsəd ondan ibarətdir ki, müsəlmanlar Məhəmməd peyğəmbərin (s) keçdiyi həyat yoluna bir daha nəzər salsınlar, onun yüksək insani keyfiyyətlərindən, əxlaqi dəyərlərindən ibrət götürə bilsinlər. 

Qurana görə, Peyğəmbər adi insandır (əl-Kəhf, 110), möminlərə şəfqətli və mərhəmətlidir (ət-Tövbə, 128), yaxşı əməl sahiblərinə cənnətdən müjdə verən, pis əməl sahiblərini cəhənnəm əzabından xəbərdar edəndir (əl-Maidə, 19), möminlərə onların özlərindən daha yaxındır (əl-Əhzab, 6). Allah onu insanlar arasında seçmiş, özünə rəsul-elçi etmiş, doğru yolu göstərən sonuncu rəhbərlik kitabı Quranla aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir. Peyğəmbərə iman gətirməklə, onun dediklərinə əməl etməklə, onu müqəddəs tutmaqla insan böyük savab qazanır, axirətdə yüksək dərəcələrə və əbədi səadətə nail olur. Mövlud bayramı bütün bunları insanlara bir daha xatırladır, onları əməli salehliyə, xoşxasiyyətliliyə, gözəl əxlaqa çağırır.


 

 

Etnoqrafiya

Etnoqrafiya elmi xalqı, xalqın özünəməxsus xüsusiyyətlərini öyrənir, tarix, arxeologiya, eləcə də başqa elm sahələrinin əldə etdiyi nəticələri araşdırır, tamamlayır, bütövləşdirir. Nəticədə etnik-milli özünüdərkin, özünütanımanın əsasını yaradır. Yəni, maddi və mənəvi mədəniyyət əsasında milli kimlik formalaşır, etnoqrafiya elmi isə minilliklərin bu milli-etnik kimliyini üzə çıxarmaqla məşğuldur.

Qafqazın cənub-şərqində geniş ərazini əhatə edən Azərbaycan əlverişli təbii-coğrafi və iqtisadi-strateji məkanda yerləşmişdir. Ona görə də burada maddi mədəniyyətin təşəkkül tapması, inkişafı və yayılması üçün hər cür imkan və mövcud şərait olmuşdur.

Xalq bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və inkişaf etdirmişdir. Heç şübhəsiz, maddi və mənəvi mədəniyyətin qarşılıqlı əlaqəsi hər iki sahənin yüksək səviyyəyə çatmasına zəmin yaratmışdır. Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin ocaqlarından sayılır.  

Azərbaycan ərazisinin son dərəcə əlverişli iqlim şəraiti, zəngin flora və faunası, yerli əhalinin qədimliyi, təsərrüfat məişəti, çoxsahəli sənətkarlığı, maddi və mənəvi dünyası onun etnoqrafik baxımdan daha çeşidli və məzmunlu olmasına əsaslı zəmin yaratmışdır. O da həqiqətdir ki, xalq minilliklərdən başlayaraq Qafqaz, Yaxın Şərq və başqa ölkələrin xalqları ilə davamlı və arasıkəsilməyən sıx iqtisadi və mədəni əlaqədə olmuşdur. Yaranan bu qarşılıqlı təmasdan, qovuşuqluqdan çox şey əxz etmiş, faydalanmış və zənginləşmişdir. Xalqın etnoqrafiyası Qafqaz, bir qədər də geniş mənada, Yaxın və Orta Şərq xalqlarının etnoqrafiyasının ayrılmaz tərkib hissəsidir. Hər bir xalqın maddi mədəniyyəti yalnız onun özünəməxsus spesifik-lokal cəhətləri və fərdi xüsusiyyətləri ilə seçilir. Bu isə bir etnosa məxsus mədəniyyəti digər etnosun mədəniyyətindən əsaslı surətdə fərqləndirilir. Bu baxımdan Azərbaycan xalqının çoxəsrlik empirik təcrübə, bilik və vərdişlərə əsaslanan maddi mədəniyyət tarixi zəngin olub, özünün spesifikasını və milli xüsusiyyətlərini maddi mədəniyyətin bütün sahələrində bariz şəkildə nümayiş etdirir. 

Əsasən, XIX əsrin ortalarında maldar elatların oturaq həyata keçməsi nəticəsində salınan kəndlərdə icma münasibəti qalıqları daha çox mühafizə olunduğundan, oturaqlaşma zamanı qohumluq prinsipi üzrə yerləşmə ənənəsinə ciddi əməl edilmişdir. Oturaqlaşma prosesi isə nəsli icmalardan ibarət olan qışlaqlar arasında getdiyindən, yeni yaranan kəndlər, müstəsna olaraq qohum patronimik qruplardan təşkil olunmuşdur. Nəticədə formalaşan adət-ənənələr bütün xalq üçün xarakterik olmuşdur.

Azərbaycan ərazisinidə ailənin təşəkkül prosesinin Eneolit dövrünü sonunda baş verdiyi ehtimal edilir. 

Azərbaycan ailəsi və ailə məişəti haqqından mənbələrdə, yazılı abidələrində və qaynaqlarda, XIII əsr böyük Azərbaycan alimi Nəsrəddin Tusinin, Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində, şifahi xalq ədəbiyyatını nümunələri olan dastanlarda əhəmiyyətli məlumatlar vardır. Azərbaycanlıların ailə və ailə məişətinə dair maraqlı materiallar XI-XVIII əsrlərə aid mənbələrdə öz əksini tapmışdır. Azərbaycanda ailə və ailə məişəti məsələləri XVIII əsrin sonundan başlayaraq XIX əsr və XX əsrin başlanğıcında yazılmış etnoqrafik səpkili rusdilli ədəbiyyatda da öz əksini tapmışdır. Həmin materialların müqayisəli təhlili aydın surətdə göstərir ki, Azərbaycanda orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məişəti arasında kəskin fərqlər olmamışdır, yəni Azərbaycan xalqının ailə məişətində varislik ənənələri müşahidə edilir. Deməli, Azərbaycan xalqı ailə və ailə məişəti ilə bağlı olan adət-ənənələrini əsrlər boyu qoruyub saxlaya bilmiş, onları təkmiləşdirmiş, inkişaf etdirmiş və bu ənənələr tarixin sınaqlarından keçərək zamanımızadək gəlib çatmışdır. 

Azərbaycan etnoqrafiyası nəninki Qafqazın, ümumilikdə dünya etnokulturologiyasını zənginləşdirən bir məxəzdir. Məhz buna görə də Azərbaycan dövləti maddi və mənəvi mədəniyyətin qorunmasına, inkişafına və təbliğinə yüksək səviyyədə diqqət yetirir. Bu Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 iyul 2008-ci ildə imzaladığı sərəncamda bir daha qeyd olunmuşdur.

 


 

 

Hərb Tarixi

Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa xidmət etmişlər.

Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828-1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman azərbaycanlılar orduda xidmət əvəzinə müxtəlif cür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır ki, onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər.

Vitse-admiral rütbəsinə qədər yüksəlmiş İbrahim bəy Allahverdi oğlu Aslanbəyov (1822-1900) Peterburqda Hərbi Dəniz Korpusunu bitirmiş, Qara və Baltik dənizlərində hərbi gəmilərdə komandir olmuş, 1878-ci ildə kontr-admiral rütbəsi aldıqdan sonra Rusiyanın 8-ci Hərbi-Dəniz Donanmasının (HDD) rəisi təyin edilmişdir. Admiral İ. Aslanbəyov 1879-1882-ci illərdə rəhbərlik etdiyi gəmi heyəti ilə dövr-aləm səyahətində olmuş, Sakit okeanda iti sürətlə üzən gəmilərin hərbi heyətinə komandanlıq etmiş və 1887-ci ildə vitse-admiral rütbəsinə yüksəlmişdir. Mayor İskəndərbəy Məmmədkərim oğlu Hacınski (1809-1878) 1835-ci ildən rus ordusunda qulluqda olmuş, Krım müharibəsində (1853-56) iştirak etmişdir. O, Rusiyanın 3-cü dərəcəli Anna və 2-ci dərəcəli Stanislav ordenləri, İranın 2-ci dərəcəli “Şir-i Xurşid” ordeni ilə təltif edilmişdir. Rusiya-Yaponiya müharibəsinin gedişində Yaponiya donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S. Mehmandarov və kapitan Ə.Şıxlinski, polkovnik Hüseyn xan Naxçıvanski və polkovnik İlyas bəy Ağalarov da iştirak etmişdilər. Həmin müharibədə batalyon komandiri vəzifəsində döyüşən həmyerlimiz Şahtaxtinski Əbülfət Nəcəfqulu oğlu 1912-ci ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdir. Azərbaycanlı generallardan Teymur bəy Novruzov, Əmir Kazım Qacar, Əmənulla xan Qacar (Şuşada doğulmuşlar) I Dünya müharibəsinin iştirakçıları olmuşlar. General T. Novruzov dörd dəfə Müqəddəs Georgi ordeni ilə təltif edilmişdir. Əslən Tovuzdan olan Novruzovlar nəslindən 3 general, Qacarlar nəslindən 7 general, Yadigarovlar nəslindən 4 general yetişmişdir. Rusiya ordusunun 21-ci piyada diviziyası tərkibində (diviziyanın komandiri azərbaycanlı general Səməd bəy Mehmandarov idi) 81 saylı Abşeron alayı, Dağıstan alayı (№ 82), Samur alayı (№ 83), Şirvan alayı (№ 84), eləcə də Şamaxı alayı (№ 205) və Səlyan alayı (№ 206) I dünya müharibəsi dövründə hərbi əməliyyatlarda qismən iştirak etmişlər.

 

XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalqını təmsil edən onlarla görkəmli hərbi sərkərdələr yetişmişdir. Bakıda Bakıxanovlar, Qazaxda Şıxlinskilər və Vəkilovlar, Qarabağda Cavanşirlər, Naxçıvanda Kəngərlilər, Gəncədə Cavadxanlar və digər bölgələrdə yaşayan nəsillər içərisindən çıxmış generallar Azərbaycan xalqının şan-şöhrətini bütün dünyaya yaymışlar.

Azərbaycanda milli ordunun yaradılması haqqında ilk təklif Rusiya çarizmi dağıldıqdan sonra, 1917-ci ilin mayında keçirilən Qafqaz Müsəlmanları Qurultayında edilmişdir və bu qurultayda müsəlman alayları yaradılmasına başlamaq üçün xüsusi büronun təşkili haqda qərar qəbul edilmişdi. Bundan az sonra həmin ilin oktyabrında Azərbaycan Türk Demokratik Federalistlər Partiyası (ATDFP) - “Müsavatın” I qurultayında milli ordunun yaradılması geniş müzakirə edilmişdi.

1917-ci ilin noyabrında Zaqafqaziya komissarlığı Zaqafqaziyanın respublikalarında milli hərbi korpuslarının yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan korpusunu təşkil etmək general Əliağa Şıxlinskiyə tapşırılmışdı. Lakin Ermənistandan və Gürcüstandan fərqli olaraq Azərbaycanda bu iş çox ləng gedirdi. Bunun nəticəsidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi bir tarixdə-1918-ci ilin 28 mayında ölkədə keçmiş müsəlman könüllü dəstələrindən ibarət 600 nəfərlik bir hərbi hissə var idi. Əlbəttə, bu cüzi hərbi qüvvə ilə Azərbaycanın müstəqilliyini müdafiə etmək və Bakıda Şaumyanın başçılıq etdiyi Bakı Soveti (Bakı kommunası) qoşunlarının Gəncə üzərinə hazırlanan hücumunun qarşısını almaq çətin idi. Belə bir vəziyyətdə Azərbaycanın kömək gözləyə biləcəyi yeganə ölkə Türkiyə idi. Bu məqsədlə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının (AXCNŞ) sədri Fətəli Xan Xoyski Türkiyə hökumətinə hərbi yardım haqqında xahiş etmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1919-cu il dövlət büdcəsində hərbi xərclər büdcənin 24 faizini təşkil edirdi və həmin il 25 min nəfərlik milli ordu yaradılması nəzərdə tutulmuşdu. Hərbi Nazir general S.Mehmandarov 1919-cu ilin 2 aprelində Nazirlər Şurasına göndərdiyi məktubunda Azərbaycan xalqının şöhrətli hərb tarixinə malik olduğunu qeyd etmişdir.Göstrəmişdir ki,tarixi qəhrəmanlıq ordumuzun milli vətənpərvərlik ruhuna təsir edən vacib amillərdən biridir.

1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyasından ibarət idi. Bundan əlavə Gəncədə iki artilleriya batareyası və yüngül toplara malik xüsusi diviziya yaradılmışdı. Ordunun tərkibində həmin dövrdə üç zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil və s. var idi.

1920-ci ilin əvvəlində Azərbaycan ordusunun şəxsi heyətinin 40 min nəfərə çatdırılması planlaşdırılırdı. Hərbi xidmətə 19-24 yaşlı məxsus gənclərin çağırılması nəzərdə tutulurdu. Ordunu gücləndirmək üçün 5 tank, 12 hidroplan, 6 aeroplan, 9 zirehli avtomobil və s. alınması planlaşdırılmışdı. Gəncədə bir hərbi zavod işləməyə başlamışdı. Lakin eyni zamanda Azərbaycanın Avropa ölkələrində silah alması da böyük çətinliklərə rast gəlirdi. Belə ki, Antanta ölkələri Azərbaycanın Osmanlı Türkiyəsi ilə əlaqələrini bilərək, ona silah satmaq istəmirdi. Bütün bunlara baxmayaraq Azərbaycan ordusu xeyli möhkəmlənmiş və yüksək intizamlı ordu yaradılmışdı. 1919-cu ilin sentyabrında Bakıda olmuş ingilis hərbi müxbiri Skotland Liddel öz təəssüratlarında yazırdı: “Mənə deyirdilər ki, burada qarışıqlıqla rastlaşacağam, amma heç bir qarışıqlıq görmədim... yol boyu biz Azərbaycan ordusunun yüzlərlə cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl gördüyüm əsgərlər deyildirlər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar. Azərbaycan ordusu sürətlə təşkil olundu, sürətlə də lazımi şəklə düşdü. Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə olaraq yaşaya bilməz. Azərbaycanda dəmir intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur”.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü (1918-1920) Azərbaycanın 21 döyüş generalı olmuşdur. Bunlar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov, İbrahim ağa Vəkilov, İbrahim ağa Usubov, Hüseynxan Naxçıvanski, Mirkazımxan Talışxanov, Firudin bəy Vəzirov, Qalib bəy Vəkilov, Daniyal bəy Həlləcov, Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev, Teymur bəy Novruzov, Əmir Kazım Mirzə Qacar, Məhəmməd Mirzə Qacar, Əmənulla Mirzə Qacar, Feyzulla Mirzə Qacar, Cavad bəy Şıxlinsi, Məmməd Sadıq bəy Ağabəyzadə və digərləri idilər. General-leytenant Məmmədbəy Sulkeviç (litva tatarı, Azərbaycan vətəndaşlığını qəbul etmişdi) 1918-1919-cu illərdə Azərbaycan ordusunda Baş qərargahın rəisi və az sonra korpusun komandiri olmuşdur.

General-mayor Cavad bəy Şıxlinski, general Məhəmməd Mirzə Qacar Gəncədə XI Orduya qarşı xalq mübarizəsinə rəhbərlik etmişlər. Azərbaycan generallarından Xalq Cümhuriyyəti (AXC) hökumətinin I və II kabinələrində Hərbi Nazir Xosrov bəy Sultanov, Daxili İşlər Naziri isə Behbud Cavanşir olmuşdur. Xosrov bəy Sultanov 1919-cu ildə Qarabağın general-qubernatoru vəzifəsində çalışmışdır. Rəsmi araşdırmalar göstərir ki, 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusuna xidmət edən 12 general, 27 polkovnik və podpolkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və odpraporşik, 266 digər rütbəli hərbi qulluqçu məhv edilmişdir.

Həmin dövrdə qırmızı terrorun qurbanı olaraq əksəriyyəti 1920-ci ildə Nargin adasında güllələnmiş generallarımız aşağıdakılardır: General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (Azərbaycan Cümhuriyyətinin ilk Hərbi Naziri), general-mayor Əmir Kazım Qacar, general-mayor İbrahim ağa Usubov, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Şərifbəy oğlu Qaytabaşı, general-mayor Murad Gəraybəy oğlu Tlexas (milliyyətcə çərkəz olan Murad bəy 1918-ci ildə Azərbaycana könüllü olaraq gəlmişdi), general-mayor Əliyar bəy Mehdi oğlu Haşımbəyov.

Azərbaycan Respublikasının Sovet Sosialist Respublikası İttifaqı (SSRİ) tərkibində olduğu 1923-cü il yanvarın 1-dən sonrakı ilk 17 ildə (yəni Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə) Respublika vətəndaşları Sovet Ordusu tərkibində ümumi əsgəri mükəlləfiyyətə cəlb edilməklə yanaşı,Azərbaycanda bir milli atıcı diviziya da var idi. Həmin dağ-atıcı diviziyası 1920-ci ilin 30 oktyabrında təşkil edilmişdi və 1938-ci ilə qədər mövcud olmuşdur. 1924-1930-cu illərdə diviziyanın komandiri Cəmşid Naxçıvanski (1895-1938) olmuşdur. Sovet Ordusunun təşkili ərazi sistemindən sırf kadr sisteminə keçirildikdə (1938) həmin diviziya 77-ci diviziya adı ilə Zaqafqaziya hərbi dairəsi (1935-ci ildə yaradılmışdır) ordusu tərkibinə daxil edilmişdi.

Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi (MN), oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin (ASQ) yaradılması barədə qərar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi “Silahlı Qüvvələr günü” elan edilmişdir.

Hal-hazırda Azərbaycan Ordusu Azərbaycan dövlətçiliyini, ərazi bütövlüyünü qorumağa qadir olan və regionda ən böyük ordudur.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Respublikası Silahlı Qüvvələri müstəqilliyimizin əsas qarantı olaraq ölkəyə ola biləcək hərbi təhdidin qarşısını ala biləcək gücə malikdir. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları da genişlənir.

2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat (135 milyon ABŞ dolları) olduğu halda, 2010-cu ildə 2,2 milyard manat (2,7 milyard ABŞ dolları) təşkil etmiş, 2011-ci il dövlət büdcəsində isə bu məbləğin 2,4 milyard manat (3,0 milyard ABŞ dolları) olması gözlənilir.

Azərbaycan ordusu 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqəsi vardır.

Həmçnin, Azərbaycan Sülhməramlı Qüvvələri (ASQ) Kosovoda, Əfqanıstanda və İraqda beynəlxalq əməliyyatlarda iştirak etmişdir.

 


 

 

Heykəltəraşlıq

Heykəltəraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb.  

Azərbaycan heykəltəraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olmuşdur. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltəraşlar, sənətşünaslar tərəfindən hazırlanıb.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hələlik adları  məlum olmayan heykəltəraşlar fəaliyyət göstəriblər. Qısa müddətdə fəaliyyət göstərmiş AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal Əlizadənin fəal iştirakı olub.

Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 1920-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başladı.

Heykəltəraşlıq təhsili

Əvvəllər Azərbaycan Dövlət İncəsənət Universitetinin nəzdində olan heykəltəraşlıq bölməsi adıçəkilən təhsil ocağından ayrılıb və Azərbaycan Rəssamlıq Akademiyası yaradılıb. Hazırda akademik Ömər Eldarovun rektorluq etdiyi həmin ali məktəbdə istedadlı heykəltaraşlar yetişdirilir.

Rəssamlar İttifaqının 100-120 nəfər heykəltəraş üzvü arasında həm peşəkar, həm də xalq yaradıcılığı bölməsində təmsil olunan heykəltəraşlar da var. Sonuncular qranit, mərmər və digər vasitələr üzərində təsvirlər yaratmaq və başqa işlər görməklə məşğuldurlar. Rəssamlar İttifaqına üzv olmaq istəyən heykəltəraşın azı 5-6 fərdi sərgisi keçirilməlidir.

 


 

 

İdman

İnsanların yerinə yetirdikləri fiziki hərəkətləri və əmək vərdişləri üzrə sınaqlarını, döyüş və mübarizə növlərini - güləş, qaçış, tullanma, ağırlıqqaldırma, üzmək, avar çəkmək, ox atmaq, qılınc oynatmaq, nizə tullamaq və s. ilk idman növləri kimi qəbul etmək olar. Heç şübhə yoxdur ki, bütün xalqlarda bu cür idman növləri olmuşdur. Bu növlərdən hər hansı biri üzrə ilk idman yarışının birinci dəfə harada, nə vaxt keçirilməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Arxeoloji tapıntılar əsasında onu demək mümkündür ki, atletlərin ilk yarışı güləş üzrə olmuşdur. Onun haqqında ən qədim məlumat b.e.ə. XXVII-XXVI əsrlərə təsadüf edir. Bizim eradan əvvəl (b.e.ə.) VIII əsrə aid edilən "Gilqamış" dastanında b.e.ə. üçüncü minilliyə aid olan Şumer abidələrinə istinadla güləş üzrə yarış haqqında məlumat verilir.

Güləş Azərbaycanda da qədim dövrlərdən yayılmış ənənəvi idman növü olmuşdur. Azərbaycan xalqının dastan və nağıllarında, yazılı abidələrində güləş yarışlarından çox bəhs olunur. Tarixin qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarında güləşlə yanaşı, başqa təkbətək mübarizə növlərindən də geniş bəhs olunur. Bu mübarizələrin çox vaxt yarış məqsədi daşıması açıq-aşkar qeyd olunur.

Azərbaycanda qədim tarixə malik idman növü olan güləş yarışları da sonralar xüsusi yerlərdə - zorxanalarda keçirilmişdir.

Qədim türkdilli xalqlar ömürlərinin böyük hissəsini at belində keçirmişlər. Cıdır yarışları, at üstündə güləşmə, qılıncsallama, yambaqapma, çovqan buzqaşı kimi idman yarışları türkdilli xalqlar arasında geniş yayılmışdı.

İdman zaman keçdikcə peşəkar səviyyədə inkişaf etməyə başlamışdır. Belə ki, XX əsrin əvvəllərində Azərbaycan pəhləvanlarından Sali Süleyman və Rəşid Yusifovun adı bütün dünyada məşhurlaşmışdır. Onlar dünyanın ən böyük şəhərlərində -Vaşinqton, Paris, Çikaqo, London, Romada keçirilən güləş yarışlarında böyük məharət göstərmişlər.

Sali Süleyman dünya pəhləvanlarının ən təhlükəli rəqibi sayılırdı. Onu "Dağıstan şiri", "Şərqin sevimlisi" adlandırırdılar. Bu pəhləvanın nə öz Vətənində, nə də xarici ölkələrdə bir dəfə belə kürəyini yerə vuran olmamışdır. Sali Süleyman dəmir zəncirləri asanlıqla qırır, dəmir çubuqdan düyün bağlaya bilirdi. Onun haqqında söylənilən əfsanələr bu gün də dildən-dilə gəzir. Rəşid Yusifov da güləşdə göstərdiyi uğurları ilə həmvətənlisindən geri qalmamışdır.

1922-ci ilin axırına yaxın bədən tərbiyəsi və idman işlərinə Azərbaycan Həmkarlar İttifaqları qoşulmuşdur. Bu təşkilat öz xətti ilə idman cəmiyyətləri yaratmış, respublikada idmanın maddi-texniki bazasının qurulmasına xüsusi yardım göstərmişdir. 1923-cü ildə Azərbaycanda ilk idman qəzeti - "Qırmızı idmançı" çapdan çıxmağa başlamışdır. Elə həmin il də Bakıda bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açılmışdır. Məktəbdə idmanın müxtəlif növlərini öyrədəcək müəllim və mütəxəssislər hazırlanırdı. Bu, respublika üçün idmanın ənənəvi olan növləri ilə yanaşı digər növlərin də inkişafına təkan vermişdir. Məsələn, əgər 1920-ci ildə Azərbaycanda iki basketbol cəmiyyəti vardısa, 1924-cü ildə artıq 52 basketbol kollektivi təşkil edilmişdi, iki ildən sonra bu kollektivlərin sayı 300-ə çatdırılmışdı. Elə bu illərdə Azərbaycan Neft-Kimya İnstitutunda və Mərkəzi Bədən Tərbiyəsi Evində boks dərnəkləri yaradılmışdı. Ölkədə tez-tez üzgüçülük, su polosu və suya tullanma növləri üzrə idman yarışları, bayramları keçirilirdi. Güləş və ağır atletika klublarında xeyli idman həvəskarı məşq edirdi.

 

1924-cü ildə Rza Baxşəliyev "Kustrud" adlanan güləş klubu yaratmış və burada fransız güləşi - müasir sərbəst güləş qrupu təşkil etmişdir. "Kustrud"un yetişdirmələri o zaman ölkəmizdə və onun hüdudlarından kənarda məşhur olan pəhləvanlarla - Sali Süleyman, Rəşid Yusifov, Fyodor Margentanger, Andrey Lodz, Eldar Göyçaylı və başqaları ilə güləşirdilər. "Kustrud"dan başqa, "Dinamo", "Temp", "Lokomotiv" və Mərkəzi Bədən Tərbiyəsi Evi kimi idman cəmiyyətləri də fəaliyyət göstərirdi.

Ayrı-ayrı idman növləri üzrə yarışlardan başqa respublikada kompleks idman turnirləri də təşkil olunmuşdu. Məsələn, 1925-ci ildə Bakıda "Olimpiya Oyunları" adı altında yarışlar təşkil olunmuşdu. Bu olimpiadanın proqramına əsasən yüngül atletikanın müxtəlif növləri üzrə yarışlar daxil edilmişdi. Bu, Azərbaycanda Olimpiya oyunlarına nə qədər böyük maraq olduğunu, ümumdünya oyunlarına qoşulmaq imkanı olmayan bir şəraitdə gənclər arasında olimpiya ideallarının təbliğ olunmasının əyani göstəricisidir.

Azərbaycan Olimpiya oyunlarının tarixini şərti olaraq dörd dövrə bölmək olar: 1) Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya oyunlarında iştirak etdiyi dövr (1952-1988); 2) Müstəqil Dövlətlər Birliyi (MDB) yığma komandası tərkibində iştirak etdiyi dövr (1988-1992); 3) Azərbaycan müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşulduğu dövr (1992-1997); Olimpiya hərəkatının canlanma dövrü -yeni dövr (1997-2011).

Azərbaycan idmançıları SSRİ Olimpiya komandasının tərkibində Olimpiya Oyunlarının 9-da 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. Sərbəst üsulla güləşçi R.Məmmədbəyovun 1952-ci il Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ilk uğuru kimi qiymətləndirilməlidir. Sonrakı olimpiadalarda Y.Konovalov, A. Kornelyuk (atletika), İ.Rıskal, V.Lantratova (voleybol) V.Mineyev (müasir beşnövçülük), A.İbrahimov (sərbəst güləş), R. Şabanova, L. Şubina, L. Savkina (həndbol), İ.Məmmədov, B.Koretski (qılıncoynatma), İ. Ponamaryov (futbol) və başqalarının uğurlu çıxışları Azərbaycan idmançılarının nüfuzunu daha da artırdı.

1992-ci il Barselona Olimpiadasında Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) yığma komandasında cəmi 5 nəfər idmançı ilə təmsil olunsa da, idmançılarımızdan ikisi N.Hüseynov (cüdo), V. Belinki (gimnast) yüksək nəticələr göstərərək Olimpiya çempionu adına layiq görülmüşdülər. 1992-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) yaradılması və onun BOK-un tərəfindən tanınması ilə ölkənin Olimpiya Hərəkatında (OH) yeni bir dövr başlayır. Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi. Azərbaycan ilk dəfə olaraq 1996-cı il Atlanta Olimpiadasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənc Azərbaycan Respublikasının 61-ci yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşən N. Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbaycan Respublikasının Milli Olimpiya komandasının Olimpiya oyunlarında qazandığı ilk medaldır.

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Azərbaycan MOK-u ölkədə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdir.

İdmançıları Sidney şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlamaq və rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanvar 1998-ci il 20 yanvar tarixli sərəncamı MOK-un daha məqsədyönlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması nəticəsində Azərbaycan idmançılarından 31 nəfəri 10 idman növü üzrə XXVII Yay Olimpiya Oyunlarında (YYO) iştirak etdi (2000).

Avstraliyanın Sidney şəhərində keçirilən XXVIII YOO Azərbaycan idmançıları yüksək nəticələr göstərdilər (15.IX.2000). Z.Meftahəddinova (stend atıcılığı) və N.Abdullayev (sərbəst güləş) qızıl, V.Ələkbərov (boks) bürünc medal qazandılar.

199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycan 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi. Azərbaycan idmançılarının XXVIII Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı «XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında» sərəncamı əsas zəmin yaratmış oldu

XXVIII Yay Olimpiya Oyunlarına hazırlığa başlamış 130 idmançıdan 38 nəfəri oyunlarda iştirak etmək şərəfinə nail ola bilmişdir. Onlardan 36 nəfəri lisenziya, iki nəfəri isə üzgüçülük idman növü üzrə Beynəlxalq Federasiyanın qərarı ilə xüsusi buraxılışla (vayld-kart) oyunlarda iştirak etmək hüququ qazanmışlar. Respublika XXVIII Yay Olimpiya Oyunlarında idmanın 12 növü üzrə 38 idmançı ilə təmsil olundu. XXVII Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda ölkə 3 yeni idman növü – bədii gimnastika, taekvondo, qılıncoynatma və daha çox idmançı ilə yarışlara qatılmışdı. XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 1 qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37, keyfiyyətinə görə 50-ci yeri tuta bilmişdir. Bu nailiyyətlərin əldə olunmasında komanda üzvlərindən F. Mansurovun (yunan-Roma) qızıl, İ.Aşumovanın (güllə), Z.Meftahətdinovanın (stend), A.Məmmədovun, F.Aslanovun (boks) bürünc medalları xüsusi rol oynadı. XXVIII Yay Olimpiya Oyunlarında(1952-2004) 140 idmançı iştirak edib. 15 qızıl, 12 gümüş, 13 bürünc medal qazanılmışdır. Müstəqil Azərbaycan idmançıları Yay Olimpiya Oyunlarında 9 medal qazanmışlar (o cümlədən 3 qızıl, 1 gümüş, 5 bürünc). 2007-ci ildə respublikamızda 36 beynəlxalq yarış təşkil olunmuşdur. Cari ilin 7 ayı ərzində isə artıq 18 beynəlxalq yarış keçirilmişdir.

Müstəqillik dövründə respublikada fəaliyyət göstərən idman qurğuları və bədən tərbiyəsi sağlamlıq komplekslərinin sayı 9 mini ötmüşdür. Müstəqillik qazandıqdan sonra Azərbaycan idmançıları Avropa , dünya və kubok yarışlarında 2615 medal qazanmışlar: (897 qızıl, 705 gümüş, 1013 bürünc).

 


 

 

Musiqi

Azərbaycanın musiqisi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən - Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III - I minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi-Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.

Azərbaycan musiqi tarixinin ilk mərhələsini aşıq-ozan sənəti təşkil edir. Öz yaradıcılığında müğənni sənətkarlığı ilə şair, bəstəkar yaradıcılığını birləşdirən aşıq-ozan sənəti janr və forma zənginliyi

ilə musiqi janrının əsasında durur. Növbəti mərhələni klassik musiqi-muğamlar təşkil edir. Keçmişin klassik musiqi sərvətlərinin - muğamların yaradıcıları və qoruyucuları olan sazəndələr, xanəndələr yüksək sənətkarlıq məһarəti ilə fərqlənirlər. Qədim köklərə malik olan klassik irs olan muğam musiqisinin yaradıcıları - xanəndələr və sazəndələrin sənəti bu gün də yaşayır və fəal inkişaf edir. Xalqın bütün mahnı yaradıcılığı kimi, Şərq sənətinin mühüm formalarından olan muğam da müasir bəstəkarlıq yaradıcılığında çox şeyi müəyyən edir, müasir Azərbaycan musiqisinin ən müxtəlif saһələrini qidalandırır.

Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları - ifaçılar dəstəsinin adları bəllidir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttarxan, Hacı Hüsü də şöһrət qazanmış muğam oxuma məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, Tarzən Sadıqcanın və başqalarının, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdının, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin adları bizə məlumdur. Muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əһməd Bakıxanov, Bəhram Mənsurov və başqalarının adları da şöһrət qazanmışdır.

Muğam sənətinin qanunauyğunluqları, ənənələri ta qədimdən bəri xüsusi məktəblərdə - məclislərdə, dərnəklərdə Xarrat Qulu (Şuşa), Maһmud ağa (Şamaxı), Məşədi Məlik Mənsurov (Bakı) və başqaları kimi məşһur muğam ustaları-müəllimlərinin rəһbərliyi altında öyrənilir və yayılırdı. Onlar Azərbaycan ifaçılıq məktəbinin təşəkkülündə mühüm rol oynamışlar.

Hələ əsrimizin əvvəlində bir çoxları elə düşünürdü ki, xalq çalğı alətlərində bərabər temperasiyanın olmamasına görə Azərbaycan musiqisini nota yazmaq mümkün deyil. Azərbaycan musiqi sənətinin inkişafında bu problem yalnız XX əsrin əvvəlində һəll edildi. Onun һəlli Azərbaycan musiqisinin dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşduğunu göstərirdi. 1908-ci il yanvarın 12 (25)-də Bakıda Ü.Hacıbəyovun «Leyli və Məcnun» operasının premyerası oldu. Tamaşa milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. Bu opera, eləcə də Üzeyir Hacıbəyovun inqilaba qədər yazdığı və muğam operaları adlanan bütün sonrakı operaları - «Şeyx Sənan», «Əsli və Kərəm», «Rüstəm və Söһrab», «Şaһ Abbas və Xurşud Banu», һəmçinin Zülfüqar Hacıbəyovun «Aşıq Qərib», Müslüm Maqomayevin «Şaһ İsmayıl» operaları kimi, Azərbaycan musiqi tarixinə daxil olmuş dərin, özunəməxsus milli yaradıcılıq nümunələridir. Bu operaların bir çox qiymətli cəһətləri sonrakı illərdə yazılmış əsərlərdə inkişaf etdirilmişdir.

Milli musiqi üslubu ilə ümumavropa professional yazı texnikasının sintezi Azərbaycan və onun musiqisinə dünya şöһrəti qazandırmış ilk əsər olan «Arşın mal alan»da xüsusilə fəal surətdə özünü göstərmişdir. 40-a qədər dilə çevrilmiş «Arşın mal alan» artıq 70 ildir ki, müxtəlif ölkələrdə səslənərək yaşından və musiqi һazırlığından asılı olmayaraq bütün dinləyiciləri məftun edir.

XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920-cı ildə yaranan, hazırda Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri(ADSO)), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (XÇAO) (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936).

Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı Evi (1939), Azərbaycan Dövlət Milli Konservatoriyası yanında Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.

60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir. Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir.

A.Məlikovun "Məhəbbət əfsanəsi" (1961), F.Əmirovun "Nəsimi haqqında dastan" (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri bütün dünyada geniş şöhrət qazanmışdır.

Azərbaycan bəstəkarları - Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Azər Rzayev, Rauf Hacıyev, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Fərəc Qarayev, Rəhilə Həsənova və başqalarının əsərləri XX əsr dünya musiqi sənətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatları olmuşlar.

Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi "Sevil" və "Muğam" ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür.

Azərbaycan musiqi tarixində xanənədələrdən X.Şuşinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev,

Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamança çalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b.-nın xidməti xüsusi qeyd olunmalıdır.

Müasir dövrdə Qarabağ mövzusu Azərbaycan musiqi tarixinin mühüm hissəsini təşkil edir. Bunların sırasında V.Adıgözəlovun "Qarabağ şikəstəsi" və "Qəm karvanı" (1999) oratoriyaları, T.Bakıxanovun "Qarabağ harayı" (2001) simfoniyası, A.Əlizadənin "Ana torpaq" (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin "Haqq səninlədir, Azərbaycan" (1992) kantatası, H.Xanməmmədovun "Əlimdə sazım ağlar" xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın "Vətən şəhidləri" (1990) kantatası, tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999) və b. xüsusi yer tutur. 2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında "Qafqaza səyahət" baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun "Xeyir və şər" (1990) birpərdəli baleti (1990), H.Məmmədovun "Şeyx Sənan", O.Zülfüqarovun "Əlibaba və 40 quldur" (1990) baleti yazılmışdır.

Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənmişdir. A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun, əsərləri Türkiyədə, Norveçdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşdur. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun ("Çanaqqala" oratoriyası), Kiprdə T.Bakıxanovun ("Quzey Kipr fəsilləri", "Quzey Kipr süitası") və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin ("Xütbə, Muğam, Surə", "Babil qiyaməti" 2000), F.Əlizadənin ("İlğım"), R.Həsənovanın ("Səma") əsərləri ifa edilmişdir. "İpək yolu" layihəsində F.Əlizadə ("Dərviş"), və C.Quliyevin ("Karvan") iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqənin ("Zamana səyahət" simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına ("Qoy dünyada sülh olsun" oratoriyası) layiq görülmüşdür.

1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada "Ekspo - 2000" Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin (ADKO), Dövlət Mahnı Teatrının (DMT), Dövlət Rəqs Ansamblının (DRA) və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.

2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş "Xan qızı Natəvan" (2003, dekabr) operasının premyerası olmuşdur. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.

 

2009-cu ildə Qəbələ şəhərində keçirilən I Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqi tarixində özünəməxsus rol oynadı və bir növ ənənəyə çevrildi. 2010-cu ildə keçirilən II Qəbələ Beynəlxalq Musiqi Festivalı da dünya miqyasında böyük əks-səda doğurmuşdur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra musiqi sahəsində beynəlxalq əlaqələr də genişlənmişdir. Bakıda xarici musiqiçilərin iştirakı ilə beynəlxalq musiqi festivalları təşkil edilir. Eyni zamanda dünyamiqyaslı musiqiçilər - Mstislav Rastropoviç, Bella Davidoviç, Dmitri Sitkovetski böyük həvəslə Bakıya gəlmiş, konsertlərlə çıxış etmiş, açıq dərslər vermişlər.

Son tədbirlərdən olan “İpək yolu - Birinci Simfonik və Kamera musiqisi festivalı” (2010) böyük əks-səda doğurmuşdur.

 


 

 

Azərbaycanda Opera

Azərbaycanda opera sənəti keçən əsrin əvvəllərində təşəkkül tapmağa başlayıb. Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) dahi Üzeyir Hacıbəylinin H.Z.Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan “Leyli və Məcnun”u ilə qoyulmuşdur.


Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmiş və Dövlət Opera Teatrının yaranma tarixi bu vaxtdan başlayır. 


Uzun müddət, yəni Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli operamız, məhz, Ü.Hacıbəyovun əsərləri sayəsində – “Şeyx Sənan” (1909, opera), “Ər-arvad” (1909, operetta), “Rüstəm və Söhrab” (1910, opera), “O olmasın, bu olsun” (1911, operetta), “Fərhad və Şirin” (1911, opera) və s. - yaşayıb və inkişaf edib. Sonrakı illərdə Zülfüqar Hacıbəyov (“Aşıq Qərib” 1916), Müslüm Maqomayev (“Şah İsmayıl” 1919), Əfrasiyab Bədəlbəyli (“Nizami” 1948), Fikrət Əmirov (“Sevil” 1955) və digər görkəmli bəstəkarlarımız da milli opera sənətinə öz töhfələrini vermişlər. Adları çəkilən müəlliflərin, xüsusilə də Ü.Hacıbəyovun əsərləri hazırda da Milli Opera və Balet teatrının repertuarındadır.
Teatr 1959-cu ildən Akademik Teatr statusu almışdır.


Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və b. çıxış etmiş və bu gün də çıxış etməkdədir.

 


 

 

Viza alınması qaydası

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər giriş və tranzit olmaqla 2 növdə vizadan istifadə edirlər.

  1. Giriş vizası. Etibarlılıq müddəti 3 gündən 3 aya qədərdir.

Birdəfəlik (adi) giriş vizası ölkəyə yalnız bir dəfə giriş-çıxış imkanı verir

Çoxdəfəlik giriş vizasının etibarlılıq müddəti 1 ildən 2 ilə qədərdir. Bu viza ilə şəxs həmin müddətdə ölkəyə bir neçə dəfə gəlib gedə bilər. Bu müddət ərzində istifadə olunmazsa, viza qüvvədən düşür.

  1. Bir və ya çoxdəfəlik tranzit vizası–üçüncü ölkələrə gedən əcnəbilərə Azərbaycan Respublikasının ərazisindən tranzit keçmək üçün istifadə edilir. Tranzit vizası sahibi burada ən çoxu 5 gün qala bilər.

Vizanın verilməsi üçün tələb olunan sənədlər:

Viza rəsmiləşdirilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə aparılır. Bunun üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

1 ədəd ərizə-anket (nümunəsi əlavə olunur);

2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);

Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);

Dövlət rüsumunun ödənilməsi haqqında qəbz:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsi; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsində viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

1 ədəd ərizə-anket (nümunəsi əlavə olunur);

2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);

Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);

Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Diqqət: Əcnəbinin pasportunun və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin etibarlılıq müddətinin bitməsinə 3 aydan az müddət qalarsa, viza rəsmiləşdirilmir.

Aşağıdakı ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ bilərlər:

  1. Rusiya
  2. Belarus
  3. Ukrayna
  4. Moldova
  5. Gürcüstan
  6. Qazaxıstan
  7. Özbəkistan
  8. Qırğızıstan
  9. Tacikistan

 

Aşağıdakı ölkələrin vətəndaşları vizanı Azərbaycan sərhədində ala bilərlər:

  1. Türkiyə
  2. İran

 


 

 

Yalnız Azərbaycanda

Azıx mağarası

Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası dünyada indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüklərindən biridir.

Dəmirağac

Azərbaycanın cənub bölgəsində bitən dəmirağac Azərbaycan torpağının yetirdiyi nadir incilərdəndir. Çox maraqlıdır ki, bu ağacın parçası nə odda yanır, nə də suda batır. Ona mismar çalmaq da qeyri-mümkündür. Talış meşələrində bitən bu ağac 200 ildən artıq ömür sürür. Bir möcüzə də budur ki, ağacın budaqları bir-birinə sürtündükcə bitişir.

Dəmirağac möhkəm oduncağa malik olduğundan əsasən telefon və elektrik dirəkləri üçün, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur.

Naxçıvanın duz dağı

Naxçıvanın simvollarından biridir. Təbii ehtiyatları 90 milyon ton təşkil edir. Dünyada yeganə olan bu dağ təkcə saf və təmiz duzuna görə deyil, həm də şəfaverici xüsusiyyətinə görə tanınmışdır. Deyilənə görə, hələ 6 min il əvvəl buradan duz çıxarılırmış. Şöhrəti dünyaya səs salan “İpək yolu”ndan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Həmin ölkələrə buradan duz daşınmışdır.

Burada bütün dünyada məşhur olan Duz Dağı Fizioterapiya Mərkəzi fəaliyyət göstərir.

Qobustan Qoruğu  

Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qobustan dünyanın rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdən biridir.

Yanar dağ

Dünyanın möcüzələrindən biri sayılır. İslam dinindən əvvəl Yanardağ atəşpərəstlərin dini inanc, sitayiş yeri olub. Bu abidə ilə bağlı çoxlu əfsanə, rəvayət mövcuddur.

Yanardağdan bir az aralıda, yəni 200 metr cənubda yerin altından zəif vulkan püskürür və ətrafa lillə qarışıq su səpələyir. Həmin vulkan suyu ilə bərabər yerdən çıxan kükürdlü qaza alışqan yaxınlaşdıranda, ani olaraq alovun yanmasını müşahidə etmək olar. Abidənin ətrafında yanan alov 10-15 metr hündürlüyədək qalxır. Qış fəslində alovun şöləsi daha aydın görünür.

Palçıq vulkanları

Maqmatik mənşəli vulkanlara nisbətən məhdud sahələrdə yayılmışdır. Palçıq vulkanlarına Azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.

Eldar şamı

Eldar şamı (Pinus eldarica) endem ağac növü olub, dünyada təbii halda yalnız Azərbaycanda – Qabırrı çayının sağ sahilində, Elləroyuğu dağında bitir. 1910-cu ilin noyabrında qrafinya K.S.Uvarovanın təklifi ilə Qafqazda ilk qorunan ərazi olan Eldar şamı sahəsində 3,5 min hektar ərazidə botaniki yasaqlq elan edildi və qorunmağa başlandı.

Xəzər suitisi

Xəzər suitisi (Phoca caspica) pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi «Ginnes»in rekordlar kitabına daxil edilmişdir. Bu növ yalnız Xəzər dənizində yayılmış endem növdür. Adı Beynəlxalq Təbiəti Mühafizə İttifaqının «Qırmızı Siyahı»sına daxil edilmişdir.

Xəzər lələyi, Xəzər şeytanağacı

Lələk cinsinə aid bitki növü. Arealı azalmaqda olan nadir növdür. Təkcə Azərbaycanda (Astara (Maşhan və Alaşa k. ətrafı), Lənkəran (Alekseevka k.) rayonlarında bitir.