AzeDer və İTU Texnoparkı Arasında Əməkdaşlıq

Müasir dövrdə qlobal rəqabət edə bilməyin tək yolu araşdırma və inovasiyadan keçməkdədir. Türkiyədə müasir texnologiyaların işlənib ortaya çıxarılması məqsədi ilə qurulan Teknokentlər də bu amala xidmət edir. AzeDer nümayəndələri əməkdaşlıq məqsədilə İstanbul Texniki Universiteti nəzdində qurulmuş ARI Texnoparkının Direktoru Arzu Eryılmaz ilə görüşmüşdür.
Görüşdə Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrin Texnoparklarda fəaliyyət göstərən şirkətlərin təşviq və dəstəklərindən faydalanmasını təmin etmək məqsədiylə qarşılıqlı müzakirələr aparılmışdır. İndiyə qədər Texnopark Rəhbərliyinin təşkil etdiyi “ARI Çekirdek” layihəsində azərbaycanlı tələbələrin iştirak edə bilməməsi problem olaraq müzakirə edilmiş və ortaq nəticəyə gəlinmişdir. Məlumat üçün qeyd edək ki, bu layihə çərçivəsində qaliblər yüksək məbləğdə pul mükafatı ilə təltif olunaraq layihələrinin daha da inkşaf etdirilməsi üçün hər cür vasitə ilə təmin olunurlar. Bürokratik manelərdən dolayı rəsmi olaraq qanunnamədə dəyişikliklərin edilməsinin mümkünsüzlüyü Texnopark rəhbərliyi tərəfindən bildirilmişdir, lakin AzeDer rəsmilərinin səyləri nəticəsində artıq ARI Texnoparkının hazırladığı bütün layihələrdə AzeDer-in referansı gələn müraciətlər dəyərləndirilməyə alınacaq. Bu barədə iki tərəf arasında razılığa gəlinmişdir. Bütün AzeDer üzvləri artıq bu imkandan faydalana biləcəklər.
İclasda eyni zamanda Texnoparkın təşkil etdiyi seminar və konfransların tələbələr üçün çox faydalı olacağı, bu kimi tədbirlərlə əlaqələrin artırılmasının mümkümlüyü vurğulanmışdır.