Molla Pənah Vaqifin 300 illik yubileyi

INDEX-Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzinin dəstəyi, Türksoy və Uşak Universitetində təhsil alan Azərbaycanlı Tələbələrin təşkilatçılığı ilə Uşak Universitetində (UU) XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ictimai və siyasi xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan tədbir və onun haqqında yazılan kitabların təqdimatı həyata keçirilib.
Tədbirdə rəsmi şəxslər, yerli ictimaiyyətin görkəmli nümayəndələri, azərbaycanlı tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirin açılışında Azərbaycanlı Tələbələr Birliyi adına çıxış edən Ramin Seyidov gələn qonaqlara öz təşəkkürünü bildirmiş və tədbiri açıq elan etmişdir.
Uşak Universitetinin rektoru, professor Sayın Dalqıran, Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı və başqaları Molla Pənah Vaqifin həyat və yaradıcılığından danışıblar.
Çıxışçılar Molla Pənah Vaqif yaradıcılığının bənzərsizliyi, şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyəti barədə geniş məlumat vermişlər.
Çıxışlardan sonra Molla Pənah Vaqifin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Mərasim bədii proqramla davam etmiş və Molla Pənah Vaqifə həsr olunan əsərlər iştirakçılara paylanılmışdır.